Süni intellekt çipləri sahəsindəki liderliyi ilə son illərdə adından tez-tez söz etdirən Nvidia, 3,92 trilyon dollarlıq bazar dəyəri ilə tarixdə qeydə alınmış ən yüksək şirkət dəyərinə çatdı. Şirkət bu dəyərlə, 26 dekabr 2024-cü ildə Apple tərəfindən qırılan 3,915 trilyon dollarlıq rekordu geridə qoydu. Hissələri eyni gün səhər saatlarında 2,4% artaraq 160,98 dollardan ticarətə başladı.

Nvidia bazar dəyəri ilə rekord qırır
Nvidia-nın dəyərindəki bu artımın əsas səbəbi, son nəsil süni intellekt çiplərinin böyük dil modelləri və digər AI tətbiqlərində təmin etdiyi yüksək performansdır. Şirkətin avadanlıqları Microsoft, Amazon, Meta, Alphabet və Tesla kimi texnologiya nəhənglərinin süni intellekt yönümlü məlumat mərkəzi investisiyalarında əsas komponent kimi istifadə olunur. Artan tələb, şirkətin səhm dəyərinə birbaşa təsir göstərib.
Nvidia bu dəyərlə Kanada və Meksika birjalarının ümumi dəyərini geridə qoymaqla yanaşı, Birləşmiş Krallıqdakı bütün açıq səhmdar şirkətlərin cəmi bazar dəyərini də keçib. Şirkətin səhm dəyəri son dörd ildə 8 dəfə artıb.
2021-ci ildə təxminən 500 milyard dollarlıq bazar dəyərinə sahib olan Nvidia, 2025-ci ilə qədər 4 trilyon dollar həddinə yaxınlaşıb. Hissələr, 4 apreldəki aşağı bağlanışdan bu yana 68% artıb. Şirkət hazırda S&P 500 indeksinin 7%-ni təşkil edir. Nvidia ilə yanaşı, Microsoft, Apple, Amazon və Alphabet birlikdə indeksin ümumi 28%-ni əlində saxlayır.

Bu konsentrasiyanın nəticəsi olaraq, pensiya fondlarının və fərdi investorların maliyyə göstəriciləri böyük ölçüdə süni intellekt texnologiyalarının inkişafına bağlı vəziyyətə gəlib. 1993-cü ildə Jensen Huang tərəfindən qurulan Nvidia, ilk illərində oyun avadanlıqları ilə tanınırdı.
Ancaq zamanla şirkət qrafik prosessorlardan süni intellekt çiplərinə yönələrək qlobal texnologiya sənayesinin mərkəzinə çevrildi. 2024-cü ilin noyabr ayında, Intelin yerini alaraq Dow Jones Sənaye İndeksinə daxil edilən Nvidia, yarımkeçirici sənayesindəki transformasiyanın ən aydın simvollarından birinə çevrilib.